Ayətullah-əl-uzma Şeyx Həmədani Bakıda dindarlarla görüşdü
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda səfərdə olan İran İslam Respublikasının nüfuzlu din xadimi Ayətullah-əl-uzma Şeyx Hüseyn Nuri Həmədaninin iştirakı ilə dindarlarla görüş keçirilib.
APA TV-nin məlumatına görə, görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə din xadiminin ölkəmizə səfərini tarixi hadisə adlandırıb: "Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycana müctəhid, ayətullah-əl-uzma gəlib. Bu bir yol oldu, cığır oldu. Onu Şeyx Həmədani açdı. 92 yaşı olmasına baxmayaraq, o, bütün əziyyətlərə qatılaraq azərbaycanlıları görməyə gəlib, buradakı dini vəziyyətlə maraqlanır".
Şeyxülislam deyib ki, Həmədani Bakıda Şəhidlər Xiyabanı və Heydər məscidini ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyub.
Allahşükür Paşazadə: "Şeyx Həmədani Xomeyni həzrətləri dövründə ikinci adamdır ki, şahın getməsi üçün qol qoyan, yazan insanlardan biridir. Birinci uzmadır ki, Şəhidlər Xiyabanında Qarabağ şəhidləri üçün dua oxudu, Qarabağ torpaqlarının azad olunması haqqında Allaha dua etdi. İnşallah, Allah-təala tezliklə onun dualarını eşidəcək".
Ayətullah Həmədani isə bildirib ki, Azərbaycana səfərdə məqsəd müsəlmanların vəhdətini möhkəmləndirməkdir. Azərbaycana gəlişini özü üçün Allahın böyük lütfü hesab edən ayətullah deyib ki, ruhaniyyəti, dini öyrənənlər əsas məsələləri diqqətdə saxlayıb təhsillərində lazımi uğur əldə etməlidirlər. "Mən Allaha dua edirəm ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ yenidən Azərbaycana qayıtsın” - deyən Həmədani bildirib ki, Azərbaycanda İslam bərabərliyinə şahid olub.
Daha sonra ayətullah dindarlara moizə oxuyub. Sonda qonaq tərəfindən hədiyyələr təqdim olunub.