Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin layihələri müzakirə edilib.

 

APA TV-nin "AzərTAC"a istinadən xəbərinə görə, iclası giriş sözü ilə açan baş nazir bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib.

 

Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

 

Sonra maliyyə naziri Samir Şərifov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.

 

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun prezidentə təqdim edilməsi barədə qərar qəbul olunub.

 

Müəllif | Apa.Tv