Lavrov: "Münaqişənin müzakirəsi baxımından yaxşı imkan yaranıb"

“Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıdır”.

 

APA TV-nin məlumatına  görə, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.  

 

Azərbaycan prezidenti qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya Günündə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsi Bakıda çox yüksək qiymətləndirilib. “Bu, bizim münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsidir”, - deyə Azərbaycan prezidenti qeyd edib.

 

Xoş sözlərə görə minnətdarlığını bildirən Rusiyanın xarici işlər naziri prezident Vladimir Putinin ən səmimi salamlarını dövlət başçısına çatdırıb. “Rusiya Federasiyasının prezidenti yüksək səviyyədə təşkil olunan və keçirilən İlk Avropa Oyunlarının açılış mərasimində iştirakını və səfəri çərçivəsində sizinlə görüşünü məmnunluqla xatırlayır. Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, demək olar ki, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər” - deyə Lavrov qeyd edib.

 

İki ölkənin Xarici İşlər nazirlikləri arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimizin qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsinin əhəmiyyətinə toxunan Sergey Lavrov uğurla inkişaf edən parlamentlərarası əməkdaşlığımızın da Rusiya tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

 

Bu görüşün ikitərəfli münasibətlərin, regionda vəziyyətin, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını bildirən Sergey Lavrov bu münaqişənin həllində müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

 

Müəllif | Apa.Tv