Kürdəmirdə 80 yaşlı kişini, Göyçayda 12 yaşlı uşağı maşın vurdu

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 29-cu kilometrliyində, Kürdəmir rayonunun Topalhəsənli kəndindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun Şıxımlı kənd sakini, 23 yaşlı Coşqun Nurəhməd oğlu Məmmədov idarə etdiyi “VAZ-21041” markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçmək istəyən Ağsu rayon sakini, 80 yaşlı Sədulla Mövsüm oğlu Qurbanovu vurub. Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.


Göyçay rayonunda isə 12 yaşlı velosipedçi yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. Olay Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qarayazı kənd sakini, 2003-cü il təvəllüdlü Zaur Pərviz oğlu Xankişiyev əmisi oğlu ilə birgə avtomobil yolunun kənarında velosipedlə hərəkətdə olarkən “Ford Tranzit” markalı sərnişin mikroavtobusunun qarşısına çıxıb və avtomobil velosipedi vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Zaur Xankişiyev çatdırıldığı Göyçay Mərkəzi Rayon Xəstəxanasında keçinib.

 

Hər iki faktla bağlı araşdırmalara başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv