Zaqatalada 700 bal toplayan məzuna icra başçısı avtomobil verdi
Zaqatalada 700 bal toplamış abituriyent Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən avtomobillə mükafatlandırılıb.
APA TV-nin məlumatına görə, bu gün Zaqatala rayon Mədəniyyət Evində tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Görüşdə Zaqatala RİH-in başçısı Mübariz Əhmədzadə, tələbə adını qazanmış məzunlar və müvafiq təşkilat nümayəndələri iştirak edib. Görüşdə vurğulanıb ki, 2014-2015-ci tədris ilində Zaqatala rayonu üzrə ümumilikdə ali məktəblərə sənəd verən 520 nəfər məzundan 307 nəfəri tələbə adını qazanıb. Onlardan 1 nəfəri 700 bal, 15 nəfəri 600-dən, 35 nəfəri isə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunub. Bu isə ötən illərlə müqayisədə xeyli yüksək göstəricidir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı və digər çıxış edənlər tələbə adını qazanmış məzunları təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıblar. Tədbirin sonunda 700 bal toplayan Əliabad qəsəbəsindəki 1 saylı orta məktəbin məzunu Mahmudova Asya İdris qızına xarici markalı avtomobil, 600 baldan yuxarı toplayan məzunlara isə pul mükafatları təqdim edilib.
Qeyd edək ki, bu il orta məktəbi bitirərək tələbə adını qazanmış 307 nəfər abituriyentdən 211 nəfəri dövlət, 96 nəfəri özəl, 50 nəfəri isə digər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunub.