Lənkəranda zəncirvarı qəza: 3 maşın toqquşdu
Lənkəranda zəncirvarı yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah şosesinin yolun rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəranın Cil kənd sakini, 45 yaşlı Fövzü Bağırovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn rayonun Cil kənd sakini, 34 yaşlı Fərid Eyvazovun idarə etdiyi “VAZ-21011” markalı minik maşını ilə toqquşub. Daha sonra “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış Lənkəranın Şağlaser kənd sakini, 40 yaşlı Yalçın Əliyevə məxsus “VAZ-2106” markalı avtomobilə çırpılıb.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, güclü zərbə nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə baş verən yerdə tıxac yaranıb. Əraziyə yol polisinin əməkdaşları cəlb olunublar. Onların müdaxiləsi ilə şose yolda mövcud olan gərginlik aradan qaldırılıb. Həmçinin qəza baş verən ərazi müayinə olunub.
Hadisənin baş vermə səbəbləri həyata keçirilmiş avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.