Ağcabədidə kredit təşkilatına basqın edən cinayətkarlar ələ keçdi
Ağcabədi rayonunda kredit təşkilatına basqın edən maskalıların kimliyi məlum olub.
Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, sözügedən hadisəni törətməkdə şübhəli bilinənlər rayon sakinləri 25 yaşlı Elmir Gülmalıyev, 24 yaşlı Cəmaləddin Hüseyinov və 39 yaşlı Xəyal Talıbovdur.
Bildirilir ki, saxlanılan şəxslər elə hadisə yerindəcə asayiş keşikçiləri tərəfindən yaxalanıblar. Dindirilmə zamanı onlar kredit təşkilatına basqın etdiklərini səmimi etiraf ediblər.
Araşdırmalar nəticəsində dəstənin rayon ərazisində törətdiyi başqa cinayət əməlləri də meydana çıxıb. Qrup rayonun müxtəlif yerlərində 3 oxşar əməl törədib. Tutulanlardan istifadə etdikləri maska, müxtəlif metal alətlər, dəmirkəsən və başqa bu kimi vəsaitlər maddi sübut kimi götürülüb. Hazırda Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsində istintaq işi davam etdirilir.