MSK Avropa İttifaqı ilə birgə seçkilərlə bağlı seminarlara başladı

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə seçkilərə dair müraciətlərə həsr olunmuş seminar başlayıb.

 

APA TV-nin məlumatına görə, dairə seçki komissiyalarının nəzdində yaradılan ekspert qruplarının üzvləri üçün təşkil edilən seminar 3 gün davam edəcək.

 

MSK sədrinin müavini Natiq Məmmədov çoxpartiyalı sistemdə xalqın demokratiyaya verdiyi töhfənin artdığını, Azərbaycanda 5 milyondan çox seçicinin qeydiyyata alındığını və ölkədə 55 siyasi partiyanın fəaliyyət göstərdiyini bildirib.

 

Seçki sisteminin daha da inkişaf etdirməsi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı önəmli sayan MSK sədrinin müavini bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın uğurlu olduğunu söyləyib: "Dünyada seçkilər problemlərdən xali deyil və Azərbaycan da istisna deyil. 2010-cu il parlament seçkilərində Mərkəzi Seçki Komissiyasına 267 şikayət və müraciət daxil olub. 2013-cü il prezident seçkilərində 19 şikayət və müraciət, 2014-cü il bələdiyyə seçkilərində 96 şikayət daxil olub. Azərbaycanda seçki sistemi təkmildir. 5 milyona nisbətdə 15, 50, 100 nəfər narazı qala bilər. Ancaq biz onların da şikayətini araşdırırıq, hər kəsin hüquqlarının qorunmasına çalışırıq. Əsas məqsədimiz istənilən fərdin hüquqlarına hörmətlə yanaşmaq, pozulmasına yol verməməkdir”.

 

Natiq Məmmədov deyib ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində bəzilərinin hüquqlarının pozulduğu əksini tapıb, məhkəmənin bu sahədə 14 qərarı var. O, Azərbaycanda seçkiləri adətən 50 müşahidəçi tərəfindən izlənildiyini nəzərə çatdırıb. MSK sədrinin müavini Azərbaycan torpaqlarının işğalı seçkilərin keyfiyyətinə, seçki təcrübəsinə böyük zərbə vurduğunu diqqətə çatdırıb.

 

Natiq  Məmmədov qarşılıqlı tənqidlərə dözümlü olmağı vacib sayıb.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bildirib ki, demokratik seçkilər demokratiyanın əsaslarından biridir: “Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanda bu sahədə əməkdaşlıq edir. Mərkəzi Seçki Komissiyasının fəaliyyətində bu sahədə nailiyyətlər əldə olunub, beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alınır. Bizim birgə fəaliyyətimiz seçki prosesinin  təkmilləşdirilməsinə töhfəsini verir”.

 

Daha sonra seçki məsələləri üzrə ekspert Sergey Kalçenko “Seçkilərlə bağlı müraciətlərə dairə komissiyaları tərəfindən baxılması: Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyinə dair Təqdimat”la çıxış edib.

Müəllif | Apa.Tv
Apa.tv