Bakıda bina yanğını ilə bağlı tutulan şəxslərin həbs müddəti uzadıldı
Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın baş verməsi ilə bağlı saxlanılan şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
APA-nın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində istintaq orqanının verdiyi vəsatətə baxılıb. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 4 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan, binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov və Binəqədi rayonu, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.