Prezident İlham Əliyev Bakıdakı 189-190 nömrəli orta məktəbdə oldu

Sentyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

 

APA TV-nin məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

 

Bildirilib ki, 190 nömrəli orta məktəb 1946-cı ildə fəaliyyətə başlayıb. Məktəb üçün bina 1957-ci ildə inşa olunub. O vaxta qədər isə təhsil ocağı Bülbül adına Musiqi Məktəbinin binasında fəaliyyət göstərib. Artıq iki ildir ki, bu təhsil ocağı 189 nömrəli məktəblə birləşib.

 

Qeyd olunub ki, 189 nömrəli məktəbin binası isə 1934-cü ildə inşa edilib. Bina 1941-1945-ci illərdə 15/46 nömrəli təxliyə hospitalı kimi fəaliyyət göstərib. Məktəbin binasında yenidənqurma işlərinə bu ilin aprelində başlanılıb və yüksək səviyyədə həyata keçirilib.

 

Dövlət başçısı 189-190 nömrəli orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış olub.

Müəllif | Apa.Tv
Apa.tv