Azərbaycan prezidenti “Petronas” şirkətinin prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev “Petronas” şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri Datuk Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin məlumatına görə, “Petronas” şirkətinin ölkəmizin enerji sektorunda iştirakından məmnunluğunu bildirən dövlət başçısı Azərbaycan Dövlət Neft Şirkəti ilə “Petronas” şirkəti arasında sıx əməkdaşlığın Azərbaycan-Malayziya ikitərəfli əlaqələrinin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

 

Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlərin fəal mərhələdə olduğunu vurğulayan prezident İlham Əliyev əlaqələrimizin müxtəlif sahələrində, xüsusilə neft və qaz sektorunda əməkdaşlıq üçün böyük potensialın və yaxşı perspektivli təşəbbüslərin mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycan və Malayziya arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün fəal əməkdaşlığın zəruri olduğunu qeyd edib.

 

Rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə bundan sonra da əməkdaşlığa sadiq olduğunu bildirən Datuk Van Zulkifli Van Ariffin ölkəmizdəki investisiya mühitinin çox yaxşı olmasından məmnunluğunu ifadə edib. “Petronas” şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirmək niyyətində olduğunu bildirən qonaq “Şahdəniz” yatağının işlənməsində əməkdaşlığa toxunaraq, “Petronas” şirkətinin bu layihənin həyata keçirilməsi işində bundan sonra da fəal iştirak edəcəyini deyib.

Müəllif | Apa.Tv
Apa.tv