Bakıda mənzildən oğurluq: 4400 manatlıq qızıl və 1900 manat pul aparıldı
Bakıda mənzildən oğurluq edilib, qızıl-zinət əşyaları və pul aparılıb. APA TV-nin məlumatına görə, hadisə Bayıl qəsəbəsi "20-ci sahə" deyilən ərazidə qeydə alınıb.
Yüzbəy Mürsəlov küçəsi, ev 27A-da yaşayan Ramin Cəfərov Səbayel Rayon Polis İdarəsinə evindən oğurluq edilməsi ilə bağlı məlumat verib. Hadisə yerinə polis əməkdaşları gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, oğrular mənzilə günorta saatlarında sakinlərin evdə olmadığı vaxt daxil olublar.
Ev sahibi Ramin Cəfərovun APA TV-yə verdiyi məlumata görə, ailə üzvləri yas mərasimində iştirak etmək üçün günorta saatlarında evdən çıxıblar: "Evə qayıdarkən hər tərəfin darmadağın olduğunu gördük. Oğrular pəncərənin dəmir qoruyucusunu kəsərək mənzilə daxil olublar. Dərhal polisə məlumat verdik. Basqınçılar evdən 4400 manat dəyərində qızıl-zinət əşyalarımızı, 1900 manat nağd pulu aparıblar. Əminik ki, polis əməkdaşları oğruları tez bir zamanda taparaq onları cinayət məsuliyyətinə cəlb edəcəklər".
Faktla bağlı Səbail Rayon Polis İdarəsinə araşdırma aparılır.