General Rasim Musayev qəflətən dünyasını dəyişdi
Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev qəflətən vəfat edib.
APA TV-nin məlumatına görə, general evində ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Rasim İslam oğlu Musayev Azərbaycanda tanınmış generallardan olub. O, Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin (2011-ci ildə Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəisi vəzifələrində çalışıb.
2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də daxili işlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. 2013-cü il fevralın 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.
Allah rəhmət eləsin!