Yenə “VAZ – 2107” qəzası: 3 yaralı
Ucar rayonunda 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Bakı – Qazax yolunun 233-cü kilometrliyində, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Nazim Cəfərovun idarə etdiyi 53 – BB - 082 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu ilə Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Azad Məmmədovun idarə etdiyi 90 – DU – 625 dövlət nömrə nişanlı “VAZ – 2107” markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü və onun həmyerlisi olan sərnişinləri – 1962-ci il təvəllüdlü Səlimova Aidə Bəhman qızı və 1958-ci il təvəllüdlü Səlimov Məhəmməd Hacıqulu oğlu ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, hər iki sərnişinin vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.