Parisdə “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgi və “Azərbaycan şəhərciyi” açıldı

Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb.

 

APA TV-nin xəbərinə görə, daha sonra Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib.

 

Parisin 1-ci rayonunun meriyasının binasında açılan “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi artıq bir neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının həmişə sənətsevərləri təəccübləndirdiyini bildirib. O, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini söyləyib.

 

Dünya şöhrətli fotoqraf Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirərək deyib ki, hazırkı mürəkkəb dünyada müxtəlif dinlərin və xalqların mehriban şəraitdə yaşadığı bir məkan var - bu, Azərbaycandır.

 

Tədbirin təşkilatçısı xanım Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına və əməyi olan hər kəsə minnətdarlığını bildirib.

 

Mərasimdə çıxış edən Mehriban Əliyeva Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışıb, bu kitabların ölkəmizin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

 

"Azərbaycan şəhərciyi"nin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən Mehriban Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyini və bunun böyük maraqla qarşılandığını vurğulayıb. Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən Mehriban Əliyeva son illər bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və bu əlaqələrin genişləndiyini bildirib. Diqqətə çatdırıb ki, mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyət günləri keçirilir, bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, 3 ildir ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilir və bu, gözəl ənənəyə çevrilib.

 

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bildirib ki, Fransa paytaxtının mərkəzində, Luvr muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırır.

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Azərbaycanda Birinci Avropa Oyunlarının uğurla keçdiyini və bu idman tədbirinin Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. O, prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropanın həyatında mühüm hadisə olan bu idman bayramını keçirməklə böyük uğura imza atdıqlarını diqqətə çatdırıb.

 

Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxıblar. Daha sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisi təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv