Qurban Yetirmişli: "Bu təkanlar hələ uzun müddət davam edəcək"
"Bu cür güclü təkandan sonra zəlzələ ocağında parçalanma gedir. Təcrübə göstərir ki, bu təkanların davam etməsi hələ uzun müddət çəkəcək, bu təkanlardan hiss edilənlər də ola bilər. Ancaq mən 7 bal gücündə yenidən bir təkan olacağına inanmıram".
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA TV-yə açıqlamasında bildirib ki, bu gün baş verən güclü zəlzələdən sonra 15-dən afterşok qeydə alınıb: "Bu, dərinlik qırılmaları ilə bağlıdır. Orada 4-5 dərinlik qırılması var, hətta biri Naxçıvana, biri Talış dağlarına, biri Abşeron yarımadasına qədər gedir. Dağıstandan tutmuş Vəndam, Axvay, Samur-Arpaçay, Alazan-Əyriçay da daxil olmaqla, onların hamısının hərəkətləri nəticəsində baş verən təkandır. Həm də bu ocaq təsadüfi deyil. Hələ keçən əsrin ortalarında, 1953-1963-cü illərdə o zonada 6-7 ballıq zəlzələlər baş verib".
Qurban Yetirmişli zəlzələ ocağının 15 km dərinlikdə olduğunu və zəlzələnin davamiyyətinin 15 saniyə çəkdiyini bildirib: "15 saniyə az müddət deyil. Bundan əvvəlki 8, 9 saniyə davam edib. Ona görə də zəlzələ respublikanın uzaq rayonlarında belə hiss edilib".
Qeyd edək ki, bu gün səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar respublikanın rayonlarında 3-6 bala qədər hiss olunub.