Zəlzələ Şəki, Oğuz və Ağdaşın bir sıra kəndlərindəki köhnə tikililərdə çatlar yaratdı
Bu gün səhər saatlarında Azərbaycanda baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.
Oğuz rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Yusifov APA TV-nin Şəki-Zaqatala bürosuna bildirib ki, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xırda çatlar yaranıb. Bir neçə evin divarında isə az miqyaslı uçma halları qeydə alınıb.
Şəki rayonunun dövlət qurumlarından bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə - Turan qəsəbəsi, Sarıca kəndindəki köhnə tikililərdə çatlar yaranıb.
Hər iki rayonun Fövqəladə Hallar Komissiyasının əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir. Xəsarət alan yoxdur.
Zəlzələ nəticəsində Ağdaş rayonunda da evlərə yardımçı tikililərə ziyan dəyib. Bir neçə evin divarında çatlar əmələ gəlib, bəzi yerlərdə hasarlarda uçma olub.
Ağdaş rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, zəlzələ zamanı həyəcan keçirən bəzi vətəndaşlar həkim yardımı üçün müraciət edib. Müraciət edənlərin bir çoxu şəkər, təzyiq və ürək xəstələridir.
İki xəstə üçün isə evə həkim çağırışı olub. Təcili yardım həkimləri şəhər sakini Əliyeva Kübra Sədri qızı və Nehrəxəlil kənd sakini Məmmədova Samirə Elxan qızına evində yardım göstəriblər.
Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki ərazisində qeydə alınıb. 13 km dərinlikdə baş verən zəlzələ episentrdə 7 bala qədər, Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Gəncə, Şirvan və Mingəçevir şəhərlərində 3-6 bala qədər hiss olunub.
Həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib. Azərbaycanda qeydə alınan zəlzələnin Türkiyə ərazisində də hiss olunduğu bildirilir.