Zəlzələdən sonra bölgələrdə vəziyyət necədir? - SORĞU

APA TV-nin bölgə müxbirləri yeraltı təkanlar baş verən rayonlarda zəlzələdən sonrakı vəziyyətlə maraqlanıb, yerli sakinlərin fikirlərini öyrənib.


- "Hə, zəlzələ hiss elədim. Bazardan gəlirdim. Hamı zəlzələ, zəlzələ qışqırırdı, mən də hiss elədim".

 

- "Hiss elədim. Evdə oturmuşduq, gördüm çilçıraq tərpəndi. Bir də mətbəxin qapısı. Qaçdıq həyətə. Əməlli-başlı hiss elədik. Ürəyimiz bulandı".

 

- "Səhər-səhər oldu zəlzələ. Elə də güclü deyildi. Amma silkələnmə oldu. Qorxulu zəlzələ deyildi".


- "Evdə idim hiss elədim, zəlzələ oldu. Sonra maraqlandım Şəkidə daha güclü olub".

 

- "Səhər çay içirdim, zəlzələni hiss elədim. Yanımda adamlar oturmuşdu, onlara zəlzələ olduğunu bildirmədim. Çox mülayim zəlzələ oldu, çox hiss olunmadı".

 

- "Kompüter arxasında əyləşmişdim. Birdən təkan hiss elədim. Düzdür, təkan o qədər də surətli deyildi. Bildim ki, Məndən başqa heç kim hiss etməyib. Sonradan sosial şəbəkələrə daxil oldum və gördüm ki, həqiqətən də zəlzələ olub".

 

- "Uşaqlara məktəb paltarı almağa gəlmişəm. Zəlzələ olanda evdə idim, bildim. Bir az qorxu keçirdim".

 

- "Zəlzələ oldu, keçdi İran tərəfə".

 

- "Bu gün rayonumuzda daha doğrusu  şəhərimizdə zəlzələ oldu. Qorxu hissi keçirdik. Şükür, ölüm-itim, fəlakət olmadı".

 

- "Səhər oturub çörək yeyirdim. Bir də gördüm səs  gəldi. Elə bildim dolu düşdü. Gördüm yox, ev silkələndi. Stuldan tutdum. Gəlin qaçdı həyətə mənə dedi ki, nənə düş həyətə. Mən də düşə bilmədim. Onda gördüm ki, qonşuların uşaqları qışqırır, hərə bir tərəfə dağılışır. Belə zəlzələni birinci dəfə idi ki, görürəm. Çünki belə şey yaxın vaxtlarda olmamışdı". 

Müəllif | Apa.Tv
Apa.tv