Prezident İlham Əliyev Xızı və Siyəzən rayonlarına səfər edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.

 

APA TV-nin xəbərinə görə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına layihə haqqında ətraflı məlumat verib.

 

Bildirilib ki, “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 579 hektar sahənin 9 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 970 hektarında mövcud əkin sahələrinin su təminatinin yaxşılaşdırılması nəzərdə tutulur.

 

Azərbaycan prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə salıb.

 

Prezident İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

 

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv