Prezident İlham Əliyev Belarusun Azərbaycandakı yeni səfirini qəbul etdi
Azərbaycan prezidenti İlham Əliyev Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin etimadnaməsini qəbul edib.
APA TV-nin xəbərinə görə, səfir Gennadi Axramoviç fəxri qarovul dəstəsinin qarşısından keçib.
Gennadi Axramoviç etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Diplomat Gennadi Axramoviç ölkəmizə gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını deyib.
Xoş sözlərə görə səfirə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan xalqının da Belarus xalqına böyük rəğbət bəslədiyini vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələrə toxunan prezident İlham Əliyev dövlət başçıları və ayrı-ayrı qurumların rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq, ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edib.
Xalqlarımızı bir-birinə yaxınlaşdıran çoxlu sayda dəyərlərin olduğunu qeyd edən prezident İlham Əliyev son illər Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə inkişaf etməsinin önəmini diqqətə çatdırıb.
Səfir Gennadi Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi və əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi ilə bağlı ölkələrimiz arasında əsaslı bazanın yaradıldığını vurğulayıb. Gennadi Axramoviç Azərbaycana səfir kimi təyinatını qəbul edərkən ölkəsinin prezidenti Aleksandr Lukaşenkodan əlaqələrimizin mövcud baza üzərində əhəmiyyətli və dinamik şəkildə daha da inkişaf etdirilməsi ilə bağlı çox dəqiq göstərişlər aldığını bildirib.