Daha iki nəfərin namizədliyi qeydə alındı
Mərkəzi Seçki Komissiyası Milli Şuranın namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyini qeydə alıb. APA TV xəbər verir ki, bu gün keçirilən iclasda komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən Cəmil Poladxan oğlu Həsənli haqqında məlumat verərək bildirib ki, onun təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib. MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, MSK-ya 44 495 imza nümunəsi təqdim edilib, 40291 imza etibarlı sayılıb. MSK açıq səsvermə yolu ilə Cəmil Həsənlinin namizədliyini qeydə alıb.
Eyni zamanda Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyi qeydə alınıb. İclasda qeyd olunub ki, "Azadlıq" Partiyasının sədri Əhməd Orucun namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim olunan 43,413 imzadan 7,578-sı etibarsız hesab olunduğundan Əhməd Oruc üçün toplanan imzaların yoxlanması prosesi dayandırılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar aşkar olunmayıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, prezidentliyə namizədliyi qeydə alınanların pulsuz efir vaxtı ilə təmin olunması üçün püşkatma keçiriləcək. Sentyabrın 16-da MSK-da keçiriləcək püşkatmanın nəticəsinə əsasən, namizədliyi qeydə alınanlar üçün pulsuz efir vaxtı ayrılacaq. Efir vaxtı İctimai Televiziya və Radio Verilişləri Şirkəti tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, bununla da Azərbaycanda prezidentliyə namizədlərin sayı 9 nəfərə çatıb.