Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Lənkəranda minik avtomobili piyadanı vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Şahağacı şose yolunun rayonun Siyavar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Lənkəran şəhər sakini Rəfael Qurbanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Mamusta kənd sakini, 42 yaşlı Arzuman Rzayevi vurub. Sürücü dərhal müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı avtomobilinə qoyaraq, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

 

Həkimlər tərəfindən zərərçəkmişə müvafiq tibbi yardım göstərilsə də, bir neçə saatdan sonra Arzuman Rzayev xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

 

Yol polisinin əməkdaşları hadisə yerinə gedərək, qəza baş vermiş ərazini müayinə ediblər. Hadisənin nəqliyyat vasitəsinin sürət həddini aşması və ya piyadanın diqqətsizliyi səbəbindən baş verməsi aparılmış avtoekspertizanın verəcəyi yekun rəydən sonra bilinəcək.

 

Qəzanı törətmiş sürücü istintaqa cəlb olunub, eləcə də ona məxsus avtomobil cərimə meydançasına aparılıb.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv