Bakı metrosunda faciə: gənc oğlan qatarın altına düşdü
Bakı Metropoliteninin "28 May" stansiyasında ölüm hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində qeydə alınıb.
Təxminən 18-20 yaşlı gənc oğlan qatarın altına düşüb və hadisə yerində dünyasını dəyişib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev APA TV-yə faktı təsdiqləyib. Onun sözlərinə görə, hazırda stansiyada qatarların hərəkəti dayandırılıb: "Amma hadisənin təfərrüatlarını bilmirəm. Hazırda hadisə yerindəyəm. Onun qatarın altına özünü qəsdən atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur. Prokurorluq əməkdaşları hazırda hadisə yerində araşdırma aparır”.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, özünü qatarın altına atan şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.