Komissiya: Şəkidə 250-dən artıq evdə çatlar aşkarlanıb

Ötən gün Şəkidə baş verən güclü zəlzələ ilə əlaqədar komissiya yaradılıb.


Şəki Rayon İcra Hakimiyyəti başçısının rayonun Turan qəsəbəsi üzrə nümayəndəsi Nağı Tağıyevin APA TV-yə verdiyi məlumata görə, zəlzələdən sonra icra başçısı Elxan Usubov, Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin və Şəki rayon Fövqəladə Hallar Komissiyasının nəzdində yaradılmış işçi qrupunun iştirakı ilə zəlzələ episentrinə yaxın yaşayış məntəqələri olan Turan qəsəbəsi və Çayqaraqoyunlu kənd sakinlərinin çoxsaylı müraciətləri əsasında evlərə baxış keçirilib. İlkin baxış zamanı 114 evdə iri və xırda çatların olması, 8 nəfərin həyətyanı sahəsinin hasarının dağılması, uşaq bağçasının, məktəbin və bir neçə sosial obyektin qəzalı vəziyyətə düşməsi aşkarlanıb.

 

Şəki Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev isə bildirib ki, zəlzələdən sonra yaradılmış komissiyanın zəlzələnin birinci günü apardığı ilkin yoxlamalar zamanı zəlzələnin episentrinə yaxın yaşayış məntəqələrində - Turan qəsəbəsi, Çayqaraqoyunlu, Qaratorpaq, Bolludərə və s. kəndlərdə 250-dən artıq evdə müxtəlif dərəcəli çatlar, bir neçə evin yan divarında qismən uçma halı aşkar edilib. Rayonda bir neçə məktəb, uşaq bağçası və sosial obyektin binası qəzalı vəziyyətə düşüb.

 

Zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə operativ qərargah yaradılıb. Əhalinin müraciətləri əsasından təkrar baxış keçirildikdən sonra zəlzələ nəticəsində rayonda neçə evin və sosial obyektin qəzalı vəziyyətə düşdüyünü və ya bərpa edib gücləndirməyə ehtiyac olduğunu söyləmək mümkün olacaq. Hazırda zəlzələ ilə əlaqədar rayonda yaradılmış işçi qrupunun əməkdaşları əhalinin müraciətləri əsasında episentrə yaxın yaşayış məntəqələrində ilkin yoxlamaları davam etdirirlər. Bu yaşayış məntəqələrində hələ ki ehtiyac olmadığından, əhalinin gecələməsi üçün çadırlar paylanılmayıb.

 

Oğuz rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Yusifov isə APA TV-yə bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq və Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə az miqyaslı uçma halları baş verib. Əhalinin müraciətləri əsasında komissiyanın üzvləri evlərdə yoxlamaları davam etdirirlər. 

Müəllif | Apa.Tv
Apa.tv