Göyçayda 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulur

Göyçayda 4 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu yenidən qurulur.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Göyçay Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırda 12 minə yaxın əhalisi olan Qarabaqqal, Hacalıkənd, Bığır və Qaraman kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir.

 

1990-cı ildə inşa edilən və son vaxtlar dağılaraq bərbad hala düşən III dərəcəli bu avtomobil yolunun yenidən qurulması işlərinə bir ay öncə başlanılıb. Avtomobil yolunun kənarındakı bütün elektrik və rabitə dirəkləri, eləcə də naqillər dəyişdirilərək yenisi ilə əvəz edilib, müasir transformatorlar quraşdırılıb. Yol kənarındakı suvarma arxları lil və çöküntüdən təmizlənib, ağaclar budanaraq rənglənib. Həmçinin avtomobil yolunda aparılan torpaq tarazlama işləri bu günlərdə başa çatdırılıb və hazırda asfaltlama işləri görülür. Ümumi uzunluğu 6.8 kilometr, eni 6 metr, qalınlığı 10 santimetr olan yolun çəkilişi üçün əraziyə 15 ədəd müxtəlif təyinatlı texnika və 25-ə yaxın işçi qüvvəsi cəlb edilib. Bu günədək yolun 2 kilometrlik hissəsinə yeni asfalt örtüyü döşənib. İşlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov