Lənkəranda ağır yol qəzası: baba öldü, nəvə yaralandı

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.

 

Lənkəran rayonunun Xolmili kənd sakini, 38 yaşlı Faiq Xudaverdi oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı, 42 BA 422 dövlət nömrə nişanlı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Lənkəranın Aşağı Nüvədi qəsəbə sakini, 78 yaşlı Hidayət Xəlil oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BL 729 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

 

Güclü zərbənin təsirindən müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2107”-nin sürücüsü və onun yanında əyləşən nəvəsi, 4 yaşlı Zeynəb Rüstəm qızı Məmmədova dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, Hidayət Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. 4 yaşlı Zeynəbin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, qəzadan sonra magistral yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra mövcud gərginlik aradan götürülüb.

 

Hadisənin səbəbləri həyata keçirilmiş avto ekspertizanın yekun rəyindən sonra məlum olacaq. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv