Erməni politoloq: "Rusiya Ermənistanın təhlükəsizliyinin təminatıdır"
“Ermənistanın Gömrük İttifaqını seçməsi Avrasiya İttifaqı yolunda addımlaması deməkdir”. Bunu “Ria Novosti” beynəlxalq informasiya agentliyində keçirilən “Postsovet məkanında inteqrasiya prosesi. Ermənistanın seçimi” adlı Moskva-İrəvan videokörpüsündə Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaşeslav Kovalenko deyib.
Onun sözlərinə görə, Avropa Birliyi ilə əlaqələrin qurulması Ermənistanın Avrasiya İttifaqına yolunu bağlayırdı: “Ermənistanın bu addımı həm Rusiyanın və onların özlərinin milli maraqlarına uyğundur. Bu ittifaqa qoşulmaqla rusiyalı iş adamları Ermənistana sərmayə qoyuluşunu artıracaq, pulsuz rus dilini öyrənmək imkanları genişlənəcək”.
Erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan isə İrəvanın Gömrük İttifaqına qoşulmaq niyyətini açıqlamasının sırf siyasi qərar olduğunu söyləyir: “Rusiya Ermənistanın təhlükəsizliyinin təminatıdır. Moskvanın Cənubi Qafqazda mövcudluğu üçün Ermənistan çox vacib ölkədir. Gömrük İttifaqına üzv olan Belarus, Rusiya və Qazaxıstandan fərqli olaraq, Ermənistanın iqtisadiyyatı o qədər də inkişaf etməyib. Həm də Ermənistanın Gömrük İttifaqı ölkələri ilə sərhədi yoxdur. Buna görə də, bu təşkilata qoşulmağın iqtisadi faydasından söhbət gedə bilməz”.
Aleksandr İsgəndəryan Ermənistanın bu qərarı Rusiyanın təzyiqi altında verdiyini deyir: SİTAT “Moskvanın Ermənistana bu qərarı verməkdə vəhşicəsinə təzyiqi olub. İrəvan bu qərarı verməklə özünün təhlükəsizliyinə Moskvadan zəmanət almış oldu”.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya və Qafqaz Tədqiqat Mərkəzinin işçi qrupunun koordinatoru, politoloq Aleksandr Skakov da İrəvanın Gömrük İttifaqına qoşulmağını siyasi qərar adlandırıb. Onun sözlərinə görə, Avropa Birliyinə qoşulmaq İrəvana sərf etməzdi: “Gürcüstandan keçən dəmir yolu açılmasa, İrəvanın Gömrük İttifaqına qoşulmasının heç bir iqtisadi faydasından söhbət gedə bilməz”.
---------------
---------------