Bakıda qadının evinə maskalı basqın: cinayətkarlar tutuldu

Bakıda quldurluq etmiş şəxslər tutulub.

 

APA TV-nin Lent.az-a istinadən xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, sentyabrın 1-də saat 12:20 radələrində naməlum şəxslər H.Z.Tağıyev küçəsində yeni yaşayış sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olublar. Onlar qadının əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talayıblar.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkəran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub.

 

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.  

Müəllif | Apa.Tv
Apa.tv