MSK və Avropa İttifaqı Şirvanda seçkilərlə bağlı seminar keçirir

Şirvanda Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar başlayıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar beynəlxalq təşkilatlarla birgə müxtəlif istiqamətlər üzrə layihələr davam edir.

 

İki gün davam edəcək növbəti seminarda 30 Dairə Seçki Komissiyasının ekspert qruplarının üzvləri vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması sahəsində maarifləndiriib. Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov və Avropa İttifaqının seçki üzrə eksperti Ukraynadan olan Sergey Kalçenko iştirak ediblər.

 

Seminarın keçirilməsində başlıca məqsəd Dairə Seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir. Seminar zamanı beynəlxalq ekspert və MSK üzvü tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılıb, əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Qeyd edək ki, irimiqyaslı regional maarifləndirmə seminarları Şirvan, Gəncə və Şəki şəhərlərində keçirilməklə sentyabrın 11-dək davam edəcək və ölkə üzrə 125 seçki dairəsini əhatə edəcək.

Müəllif | Apa.Tv
Apa.tv