Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul etdi

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

 

APA TV-nin xəbərinə görə, qonaqlar əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Daha sonra komitədə davam edən görüşdə çıxış edən Aydın Əliyev Azərbaycanın gömrük orqanları haqqında məlumat verib. Bildirib ki, dünya iqtisadiyyatında baş verən böhranın fonunda ölkəmizin gömrük sisteminin də üzərinə olduqca böyük məsuliyyət düşür. Aydın Əliyev hazırda komitənin işinin əsasını həm büdcə ödənişlərini vaxtında yerinə yetirmək, həm də ölkənin təhlükəsizliyini qorumaq təşkil etdiyini deyib. 

 

Komitə sədri bildirib ki, Dövlət Gömrük Komitəsinin Kinoloji Xidmət Mərkəzinə beynəlxalq status veriləcək. Onun sözlərinə görə, Azərbaycanda təlim keçmiş itlər Türkiyə, Makedoniya, Konqo, Toqo, Gürcüstan və digər ölkələrə hədiyyə edilib, həmin itlər yüksək nəticələr qazanıb.

 

Komitə sədrinin sözlərinə görə, sabah Bakıda PİKARD konfransı öz işinə başlayacaq. Artıq 200-dən artıq nümayəndə qeydiyyatdan keçib. Yubiley konfransında 40-dan artıq ölkədən nümayəndələr iştirak edəcək.

 

Kunio Mikurio bildirib ki, Azərbaycana səfər etməkdə məqsədi memorandumun imzalanmasında iştirak, həm də sabah Bakıda keçiriləcək konfransa qatılmaqdır.

 

Tədbirin sonunda Azərbaycan Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Aydın Əliyev və Kunio Mikurio imzalayıblar.

 

Müəllif | Apa.Tv