"AMAY Abdulla"ya 13 il həbs cəzası verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev və Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov, Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Abdulla Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərdən Nadejda İlyasova 8 il şərti, digərlərinin hər biri isə 9 il şərti olaraq azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilib. Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamində olub.