Qurban Yetirmişli: “Masazırda təhlükəli zonada tikilən evlər və binalar köçürülməlidir”
“Sentyabrın 4-də Şəkidə baş verən zəlzələnin maqnitudası 5,9 baldır, bu, güclü zəlzələdir. Prezidentin tapşırığı ilə zəlzələ baş verən ərazidə tədqiqatlar aparılıb”.
APA TV-nin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, 1953-1963-cü illərdə, daha sonra 2003-cü ildə bu bölgədə 6 bal gücündə zəlzələ baş verib. Həmin zəlzələ hətta Bakıda, Lənkəranda, Naxçıvanda da hiss olunub. Bunun dərinliklə, qırılmalarla bağlı olduğunu deyən alim hesab edir ki, zəlzələ güclü olduğu üçün proses ocaqda birdən-birdə sönməyəcək.
Qurban Yetirmişli bu zəlzələnin digər zəlzələ ocaqlarını oyadıb-oyatmaması ehtimalına da toxunub: “Şəkidə baş verən zəlzələnin zəlzələ ocaqlarını oyatmaq ehtimalı ola bilər. Elə zonalar var ki, gərgin vəziyyətdədir. Məsələn, Şamaxı-İsmayıllı zonası ən aktiv zonadır, gərgin vəziyyətdədir, ən çox təkanlar da bu zonada olur. Bu zona yüksək aktivliyə malikdir. Bu zonada tarixən faciəli zəlzələlər olub. Ancaq bu sahədə dəqiq proqnoz vermək mümkün deyil, əhalini də yersiz təlaşa salmağa ehtiyac yoxdur”.
Qurban Yetirmişli hesab edir ki, zəlzələnin qısa müddətə proqnozlaşdırmaq mümkün deyil: "Şəkidəki zəlzələ ocağında enerji qısa təkanlarla da boşala bilərdi. Onda belə zəlzələ baş verməyə bilərdi. Biz zəlzələ ocaqları ilə bağlı tədqiqatlar aparırıq, gərginlik zonalarını müəyyən edirik. Ancaq qısa müddətli zəlzələ proqnozu vermək mümkün deyil”.
Hazırda Bakıda 8-9 ballıq seysmik ərazilərin mövcudluğundan danışan alim onu da bildirib ki, Seysmoloji Mərkəz hər bina üçün əraziyə uyğun zəlzələyə davamlılıq müəyyən edir. Lakin yalınız rəsmi şəkildə müraciət olan zaman tikinti aparılan zonalarda seysmikliklə bağlı arayışlar təqdim edilir.
Qurban Yetirmişli Masazırda qır yatağı üzərində təhlükəli zonada tikilən evlər və binaların köçürülməli olduğunu bildirib. Alim əmindir ki, dövlət qurumları tərəfindən bu istiqamətdə lazımi addımlar atılacaq.
Qeyd edək ki, sentyabrın 4-də Şəkidə 7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar respublikanın rayonlarında 3-6 bala qədər hiss olunub.