Akademik Ağamusa Axundov II Fəxri Xiyabanda dəfn olundu
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tanınmış ədəbiyyatşünas, akademik Ağamusa Axundovla vida mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti Akif Əlizadə, Millətlərarası, multikulturalizm və dini tolerantlıq üzrə dövlət müşaviri, akademik Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, mərhumun ailə üzvləri və elm xadimləri iştirak edib.
AMEA prezidenti Akif Əlizadə akademik Ağamusa Axundovu Azərbaycan elmində böyük məktəbin yaradıcısı kimi qiymətləndirib: “Ağamusa müəllimin yoxluğu bizim elmimiz üçün böyük itkidir. Ağamusa Axundov dilçilik elminin klassiki idi. O, gənc yaşlarından təhsillə elmi tən tutan alim idi və böyük tələbə ordusu, alimlər nəsli yetişdirib. Ağamusa müəllim ciddi elmi dairələrdə böyük hörmətə, nüfuza malik insan idi. Ağamusa Axundov təkcə alim yox, həm də böyük ziyalı idi. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Ağamusa Axundovun dilçilik sahəsində apardığı tədqiqatlar Azərbaycanda dilçilik məktəbini formalaşdırıb: “Beynəlxalq aləmdə o, fonetika məktəbinin yaradıcısı kimi qəbul olunur. Ağamusa müəllim dilçilik sahəsində olduğu kimi, fonetika sahəsində də böyük xidmətlər göstərib”.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, akademik Vasim Məmmədəliyev, akademik Teymur Kərimli Ağamusa Axundovun elmi fəaliyyəti ilə yanaşı, insani keyfiyyətlərindən də danışıblar.
Qeyd olunub ki, daxilən zəngin insan olan Ağamusa Axundov yetişdirdiyi tələbələrini təkcə tələbə kimi yox, doğması kimi sevib, onlara qayğı göstərib.
Ağamusa Axundovun ailəsi adından çıxış edən akademik Kamal Abdulla vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib, dövlətin alimin əməyinə, xidmətlərinə olan diqqətindən danışıb.
Vida mərasimindən sonra Ağamusa Axundov II Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, A. Axundov 1932-ci il fevralın 2-də Kürdəmirdə anadan olub. 1967-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin ümumi dilçilik kafedrasının professoru, filologiya fakültəsinin dekanı olub. 1981-1999-cu illərdə Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləyib. Ondan sonra isə AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.
Bir çox elmi və bədii şuraların üzvü olub, çoxsaylı beynəlxalq elmi konfranslarda iştirak edib, dünyanın tanınmış universitetlərində mühazirələr oxuyub, ədəbi fəaliyyətlə məşğul olub.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar elm xadimi kimi elmi və fəxri titullar daşıyıb.