Şirkətdən 450 min dollar oğurlayanlar tutuldu - VİDEO

Bakıda polis əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi rayonunda yerləşən “Renesans İnşaat MTK”-nın ofisinə qanunsuz daxil olaraq, oradan içərisində 450 min ABŞ dolları pul olan dəmir seyfi gizli yolla talayan dəstənin 4 üzvü saxlanılıb.

 

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Pərviz Əliyev, Ramin Məhərrəmov, Əli Əhmədov və Müşfiq Hadıyev saxlanılaraq istintaqa təqdim ediliblər.

 

Araşdırmalar zamanı məlum olub ki, ofisdə pul olması barədə dəstə üzvlərinə həmin şirkətdə işləyən Ramin Məhərrəmov məlumat verib. Saxlanılan şəxslər qurduqları plana əsasən 2-ci mərtəbədə yerləşən ofisə daxil olduqdan sonra seyfi özləri ilə gətirdikləri kəndir vasitəsilə pəncərədən aşağı düşürərək, avtomobillə Pərviz Əliyevin əvvəldən tanıdığı Nərimanov rayonu ərazisində yerləşən yarımuçuq tikiliyə gətiriblər. Burada isə onlar seyfi qıraraq içərisində olan pulu ələ keçiriblər. Seyf polislər tərəfindən qeyd olunan ünvanda aşkar edilərək maddi sübut kimi götürülüb. Həmçinin dəstə üzvlərinin oğurluq yolu ilə əldə etdikləri pulun bir qismi onların yaşadıqları mənzillərdən tapılaraq istintaqa təqdim olunub.

 

Qeyd edək ki, dəstə üzvləri pulu öz aralarında böləndən sonra Pərviz Əliyev sərhədi keçərək əvvəlcə Gürcüstana, daha sonra Türkiyə Respublikasına yola düşüb. O, Azərbaycana qayıdan zaman sərhəddə saxlanılaraq polis əməkdaşlarına təqdim edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv