Bakı avtobuslarında cibgirlik edən dəstə üzvləri ələ keçdi
Paytaxtda ictimai nəqliyyat vasitələrində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
APA TV-nin xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 57 saylı xətt avtobusunda paytaxt sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar - Oruc Məhərrəmov, Azər Kərimov və Samirə Əbiyeva tutulub. Həmçinin saxlanılan şəxslərdən Oruc Məhərrəmov və Azər Kərimovdan 2 qrama yaxın narkotik vasitə olan tiryək də aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır. Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiklərini istisna etmir. Bu səbəbdən şəkildə gördüyünüz şəxslərin cinayət əməllərindən zərərçəkənlər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” zəng mərkəzinə və ya Bakı şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinə müraciət edə bilərlər.