Lənkəran sakininə oraqla xəsarət yetirib qaçdılar

Lənkəranda şəxsi münasibətlər zəminində insident baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə  rayonun Biləsər kəndində qeydə alınıb.

 

Şəxsiyyəti hələlik məlum olmayan 25-30 yaşlarında sifətini yaylıqla tutmuş bir kişi kənd sakini Minurə Xahəhməd qızının yaşadığı evə gələrək onunla mübahisə edib. Səsə Minurənin nikahdan kənar əri, 60 yaşlı Əlirza Camal oğlu Salayev çıxıb. Mübahisə daha da qızışıb, nəticədə üzü bağlı kişi özü ilə gətirdiyi oraqla Əlirzanın qol nahiyəsindən bir neçə ağır bədən xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşıb.

 

Kənd sakinlərinin müdaxiləsi ilə yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, yaraları tikilib. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş Əlirza Salayevin vəziyyəti ağır olaraq qalmaqdadır.


Rayonun hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Hadisəni törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görülür.

 

Müəllif | Apa.Tv