Həbsxanadakı "Şrek" danışdı

Sizə “Şrek”dən danışacam... Tələsməyin! Hamının sevimlisi olan Şreki demirəm. Həbsxanadakı “Şrek”i deyirəm. Həbsxana nəzarətçilərindən birinə yaxşınlaşıb danışırdı, nəsə deyirdi. Günaha girib qulaq şahidliyi elədim: Məni niyə bəyənən yoxdu eey...? Olmaz ki, bir dəfə də mən danışım?! Əlində siqaret o baş bu başa gedirdi. Narahat görünürdü, hərdən əlinin arxasıyla gözünün yaşını silirdi. Xüsusi bir antipatiya var idi ona burda. Üzdən gözəl olmadığındanmı, ya da başqa bir səbəb vardı bilmirəm... Elə bil nəzarətçi xanımın da yazığı gəldi ona. Sakitcə qulağına dedi ki, "sakit ol, danışdırmırlar də neyniyək?!"
 

APA TV-nin əməkdaşları başqa bir məhbusla söhbəti bitirən kimi, həbsxana rəhbərliyindən xahiş elədim ki, o qadınla, “Şrek”lə, söhbətimi təşkil etsinlər. Hamı təəccüblə əvvəlcə bir-birinə, sonra mənə baxdı. Hə, dedim onunla söhbət eləmək istəyirəm... Məhbuslardan da mənə ironiya ilə baxıb güləni oldu... Mən də gülümsədim. Amma bu onlara razılıq əlaməti deyildi. “Şrek” adına uyğun ad düşünürdüm ona, şərti ad. Şəbnəm ən uyğunuydu məncə. Şəbmən bir damcı su, şeh deməkdi... Onun da hər şeydən bir damcıya ehtiyacı var kimi gəldi mənə...
 

Buna baxmayaraq bəzi etirazlar eşitdim: "Dəyməz!", "Boş şeydi!", "Ailəsini uşağını atıb, küçə qadınıdı!", "Çox yaxşı yoldaşı var, özü axmağın biri olub!"...
 

"Görəsən niyə?" soruşdum... Cavab verən olmadı... Çünki heç kim soruşmayıb axı... İlk görüntüyə görə, daşqalaq eləmək hamımızın adətidir çünki....
 

İlk sualım bu oldu 27 yaşlı “Şrek”ə - Şəbnəmə: Niyə burdasan? Bildirdi ki,
Dolanışıqları pis olub, hər şey ona çətin gəlib. Üstəlik təhqir olunurmuş. Bütün bunlara dözə bilməyib evdən qaçıb. Qollarında bıçaq, şüşə zədələri var. Deyir işim bundan betərdi... Hamının "yaxşı oğlan" dediyi həyat yoldaşı, o ola-ola başqa qadınla görüşürmüş deyir Şəbnəm. Onu təhqir edirmiş. Baxmayaraq ki, üç övladları olub. Və bir övladının müalicəyə ehtiyacı var imiş. İndi isə bir övladına anası, ikisinə qaynanası baxır. Onun həyat yoldaşı haqqında dediyini ciddiyə almazdım. "Deməli sənə qarşı onun bütün ailəsi pis olub?" sualıma cavabı olmasaydı. Yox dedi, hamısı yox o özü... Bir dəfə uzaqdan da olsa övladını görmək üçün nə vaxtsa özünün də yaşadığı evin pəncərəsindən eşitdiklərini danışdı: Baldızımgil yaşayan yerə getmişdim. Pəncərədən gördüm ki, uşaq ağlaya-ağlaya deyir ki, mamam yoxdu mənim ölüb? Nənəsi qayıtdı ki yox ölməyib, xalagildədi, qorxma, sonra da uşağı qucaqlayıb öpdü. Gözüm əlində və qolunda olan döymələrə sataşdı. Bir kişi adı yazılmışdı əlində. Yoldaşının adını soruşdum başqa ad dedi, söhbət boyu oğurluğa birgə getdiyi başqa bir neçə nəfər kişinin adını çəkdi. Amma o Bakıya gələndən bu yana elədiyi, törətdiyi bütün cinayətlərdə bir adı daha cox çəkirdi. Hansı ad olmasının açıqlamayaq. Maraqlı olanı budur ki, son oğurluqda, Şəbnəmi həbs edəndən sonra oğlan da gedib könüllü təslim olub. Oğru qanunu deyilən bir şey var deyirlər kriminal aləmdə... Bir sual yarandı işimdə: Əcəba oğru sevgisidəmi var?...Oğru, fırıldaqçı, məhbus, boşanmış qadın, üç oğul anası, fahişəliklə məşğul olmuş biri və kiminsə övladı... Bir vicudda 7 obraz... Ən yaxşı aktyor,oyunçu insan deyil kimdi?
 

Ən böyük kino pavilyonu, məşq zalı, qrim otağı da məncə bu həyat, bu dünyadı... Oyunçuları da bizik, insanlar. İçi üzündədi bu qadının. Bəlkə dünyada bütün insanların içi üzünə çıxsa, dünya özü məhbəs olar. Ya da məhbəs çatışmazlığı dünyanın qlobal problemlərindən birinə çevrilər. O üzdən gəlin gizlənək... Bu böyük kino səhnəsində hərəmiz öz rolumuzu oynayaq qadınlı, kişili..
 

Ən azı dünyanı məhbəsə çevrilməkdən qoruduq bəlkə...

 

Müəllif | Apa.Tv