Sərkisyan Putinə şikayət etdi

Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. APA TV-nin məlumatına görə, Rusiya prezidentinin iqamətgahında keçirilən görüşdə ölkə başçıları müxtəlif sahələrdə Rusiya-Ermənistan əməkdaşlığının gələcək inkişafını, o cümlədən Avrasiya məkanında qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər.

 

Vladimir Putin hər iki ölkə arasında münasibətlərin xüsusi xarakter daşıdığını söyləyib.

 

Rusiya prezidenti ölkəsinin Ermənistanın aparıcı ticarət-iqtisadi tərəfdaşı olduğunu da qeyd edib. Onun sözlərinə görə, ötən il 2013-cü illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb. Lakin, bu ilin birinci yarısında ticarət dövriyyəsində azalma qeydə alınıb. Vladimir Putin deyib ki, burada müəyyən nüanslar var və onda bu suallara cavab hələlik yoxdur.

 

Serj Sərkisyan isə çıxışında erməni ailəsini öldürən rus əsgərin məhkəmə prosesinin Ermənistanda keçirilməsinə görə Putinə təşəkkürünü bildirib. O qeyd edib ki, Rusiya ilə Ermənistan arasında qazın qiymətinin 25 dollar aşağı salınması barədə müqavilə imzalanıb. Bundan başqa, Rusiya Ermənistana 200 milyon dollar dəyərində kredit ayıracaq. Bu vəsait Ermənistan silahlı qüvvələrinin hərbi arsenalının yenilənməsinə xərclənəcək.

 

Ermənistan prezidenti Vladimir Putinə Azərbaycandan şikayət etməyi də unutmayıb. O, iddia edib ki, son vaxtlar Azərbaycan tərəfi iri çaplı odlu silahlardan başqa artilleriyadan da istifadə edir. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbə sammitində bu barədə ətraflı danışacağını deyib.

Müəllif | Apa.Tv
Apa.tv