Bakı-Zabrat dəmir yolunda taxta şpallar yeni beton şpallarla əvəzlənəcək

"Çox ciddi təhlükədir. Ağır tonnajlı yük qatarları keçir. Hər an aşma təhlükəsi var. Qatarların buradan keçməsi risklidir. Buradan yük qatarları gedir, ona görə də dəyişilməlidir".

 

Sabunçu rayon I Zabrat qəsəbə sakinləri dəmir yolu relslərindəki şpalların sıradan çıxmasından narahatdırlar. Böyük bir ərazidə çürüyən taxta şpalların yerində gölməçə əmələ gəlib. Kanalizasiya xəttinin olmaması səbəbindən çirkab sularının birbaşa əraziyə axması bu görüntüləri ortaya çıxarıb.

 

Dəmir yollarında relslərə və şpallara nəzarət olunmaması onların sıradan çıxaraq yararsız vəziyyətə düşməsi ilə nəticələnir. Məsələn, bu ərazidə şpallar çürüyərək, demək olar, yararsız hala düşüb. Bu da həm yük, həm də sərnişin qatarları üçün təhlükə mənbəyidir.

 

Məsələyə münasibət bildirən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Dövlət Proqramına uyğun olaraq təmir işləri mərhələli şəkildə aparılır: "Bakıdan Böyükkəsiyə qədər 317 kilometr, ümumilikdə 400 kilometr yolda əsaslı təmir işləri aparmışıq. Bakı və Sumqayıt arasında istismar işlərinin uzunluğu 42 kilometrdir. Bakı-Zabrat dairəvi yolundan keçməklə, həmin ərazidə təmir işləri başladılıb".

 

Qurum rəsmisinin sözlərinə görə, 49 kilometr uzunluğunda olan yolun taxta şpalları yeni beton şpallarla əvəzlənəcək: "Taxta şpalların istismar müddəti 17-18 ildir, ancaq beton şpalların ömrü 25-30 il arasıdır. Vaxtı çatdıqca bunlar yeniləri ilə əvəz olunur". 

Müəllif | Apa.Tv
Apa.tv