"Kaspi" təhsil şirkəti ötən tədris ilinə dair hesabat verdi

"Kaspi" təhsil şirkəti tərəfindən 2014/2015-ci tədris ilinə dair yekun hesabat və gələcək planlarla bağlı mətbuat konfransı keçirilib.

 

APA TV-nin məlumatına görə, "Kaspi" təhsil şirkətinin direktoru Elnur Məmmədov bildirib ki, şirkət fəaliyyətə başladığı vaxtdan etibarən hər il ictimaiyyətin qarşısında gördüyü işlərlə bağlı hesabat verir.

 

Onun sözlərinə görə, artıq şirkətin regionlarda da şirkətin mərkəzləri fəaliyyətə başlayıb. Yeni tədris ilindən Xətai rayonunda "Kaspi" liseyi və "Kaspi" uşaq bağçası, Gəncə şəhərində isə daha bir mərkəz fəaliyyətə başlayacaq. "Kaspi"nin ilk xidməti ingilis dili kursları olub.  Bu ildən etibarən ingilis dili kursları Kembric Universitetinin imtahanları əsasında yoxlanacaq, sonda verilən sertifikat isə beynəlxalq sertifikat kimi tanınacaq.

 

Təhsil şirkətinin təsisçisi Sona Vəliyeva çıxışında deyib ki, "Kaspi" öz fəaliyyəti ilə həm də dövlətin təhsil siyasətinə dəstək olur. O qeyd edib ki, şirkət fəaliyyətə başladığı gündən bir çox layihələrə imza atıb, qısa müddətdə təhsil şirkəti statusunu alıb: "Biz bu status sayəsində şirkətin şəbəkəsini genişləndirdik, xeyli abituriyent sayına malik olduq. Şirkətdə abituriyentlərin təhsili ünün rahat şərait yaradılıb. Təsadüfi deyil ki, Azərbaycan universitetlərində təhsil alan 1600-ə yaxın tələbə "Kaspi"nin abituriyenti olub. 380 nəfərə yaxın abituriyent isə xaricdə təhsil alıb, bəziləri isə qayıdaraq, mühüm vəzifələrdə çalışırlar".

 

Sona Vəliyeva şirkətin uğurlarından danışaraq bildirib ki, "Kaspi" təhsil mərkəzlərində hazırlanmış abituriyentlərin ümumi qəbul göstəricisi 98 faiz olub: "Abituriyent kursunun əsas meyarı hesab olunan orta bal bu il "Kaspi"də 450 bal olub. Bu tədris ilində Azərbaycan bölməsi üzrə ən yüksək göstərici 685 bal, rus bölməsi üzrə isə 691 bal olub".

 

Sonda yüksək nəticələr göstərmiş bütün tələbələrə hədiyyələr təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv