Aydın Əliyev: "Bəzi çətinliklər olsa da, proqnoz tapşırığını yerinə yetirməyə çalışırıq"
"Büdcə ilə bağlı proqnoz tapşırığın yerinə yetirilməsində müəyyən çətinliklər olsa da, Dövlət Gömrük Komitəsinin borcudur ki, bu tapşırığı yerinə yetirsin".
APA TV-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
"Bilirsiniz ki, çətinliklər qlobal iqtisadiyyatda baş verən hadisələrlə bağlıdır. Bununla yanaşı, iqtisadiyyatın müəyyən sektorlarının inkişafı üçün bəzi imtiyazlar verilib ki, bu da bizim üçün çətinliklər yaradır. O cümlədən azad iqtisadi ticarət zonası çərçivəsində MDB ölkələrinin malları demək olar ki, gömrük rüsumlarına cəlb olunmur. Buna görə təbii ki, proqnoz tapşırıqların yerinə yetirilməsində problemlər mövcuddur. Lakin nəzarətin gücləndirilməsi, buna qədər məhsul saxlancında olan yüklərin tezliklə rəsmiləşdirilməsi və keçirilən digər tədbirlər nəticəsində proqnoz tapşırığın yerinə yetirilməsinə cəhd olunur" - deyə DGK sədri qeyd edib.
Aydın Əliyev Dövlət Gömrük Komitəsinin gömrük-keçid məntəqələrinin imkanlarının artırılmasına da diqqət çəkib: "Sadıxlı gömrük-keçid məntəqəsinin imkanlarını artırmaq üçün Gürcüstan tərəfinin razılığını gözləyirik. Məntəqədə tikinti-yenidənqurma işlərinin aparılması, onun imkanlarının artırılması istiqamətində Gürcüstan tərəfi ilə artıq danışıqlar aparılıb. Biz bunu etməyə hazırıq, lakin bilirsiniz ki, bu, birtərəfli deyil, ikitərəfli məsələdir. Ona görə də, Gürcüstan tərəfinin razılığını gözləyirik".