İsmayıllı-Şəki yolunda alternativ körpü salınacaq

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda nəqliyyatın hərəkətinin bərpası üçün alternativ körpü salınacaq. APA TV-nin məlumatına görə, bunu “Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. O qeyd edib ki, mütəxəssislər dağılmış körpüyə, sel suları ötürücüsü olan kanala və ətraf əraziyə baxış keçirəcəklər. Rəy verildikdən sonra yeni körpünün inşasına başlanılacaq. Həmçinin, bu yolda nəqliyyatın hərəkətinin müvəqqəti bərpası üçün bu gündən indiki körpünün sağ tərəfindən alternativ körpü tikiləcək. Hazırda ərazidə Göyçay və İsmayıllı yol istismar idarələrinin ağır texnikası və işçi qüvvəsi çalışır. Alternativ körpünün inşası üçün hazırlıq işləri görülür.

 

Körpünün dağılmasına səbəb olan “SHAGMAN” markalı yük maşının yedəyindəki mişar daşları başqa maşına boşaldılıb və avtomobil qaldırıcı kran vasitəsilə oradan çıxarılıb. Pünhan Mürsəliyev bildirib ki, eni 7 metr, uzunluğu 31 metr olan iki aşırımlı körpü 1976-cı ildə istismara verilib və son vaxtlar ağır tonnajlı avtomobillərin təsiri nəticəsində vaxtından əvvəl dağılıb. O, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun yenidən qurulması üçün layihə hazırlandığını bildirib.

 

Məlumata görə, “SHAGMAN” markalı yük maşını mişar daşı ilə yüklü vəziyyətdə körpünün üzərindən keçərkən onun yüklə birgə çəkisi normadan çox, yəni 75 ton olub. Maşında 2400 ədəd mişar daşı olub. Amma həmin maşının yüklə birgə 45 tondan artıq çəkisi olmamalı idi.

 

Ötən gecə saat 23:00 radələrində yolun 3-cü kilometrliyində, İsmayıllının Kürdmaşı kəndi ərazisində sel sularını ötürən kanalın üzərindəki körpü üçüb və yol bağlanıb.

 

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov