Azərbaycan prezidenti: "Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir"
“Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha ciddi forma alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur”.
APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, bu iqtisadi tənəzzülün müxtəlif obyektiv və subyektiv səbəbləri var, bu səbəbləri ekspertlər araşdırır və araşdırmalar davam edəcək: "Bizim vəzifəmiz ondan ibarətdir ki, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik".
Prezident İlham Əliyev bildirib ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəblərinin təhlilini aparmaq üçün kifayət qədər informasiya var: "Biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır. Yaxın Şərqdə son illər yüz minlərlə insan həlak olub. Onlar xarici müdaxilənin, qanlı toqquşmaların qurbanı olublar və bu müharibənin sonu görünmür, əksinə, yeni müharibə ocaqları yaranır, günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir, iqtisadi və siyasi böhranlar hökm sürür, qarşıdurma meylləri güclənir. Postsovet məkanı bizim qonşuluğumuzdadır. Biz bunu görürük və ictimaiyyət də yaxşı bilir ki, xarici müdaxilə öz rolunu oynayır. Bundan əziyyət çəkən də yenə günahsız insanlardır".
"İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir" deyən prezident İlham Əliyev onu da qeyd edib ki, xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş yüz minlərlə insan sığınacaq tapmaq, öz canını qurtarmaq üçün Avropaya üz tutur və hazırda böyük köç müşahidə olunur: "Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu gün bu insanların bir hissəsi artıq Avropa qitəsinə üz tutub, indi Qərb mediası gecə-gündüz bu görüntüləri yayır, sanki o insanlar bu vəziyyətin yaranmasına görə günahkardırlar. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin, xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur, özlərini, ailələrini qorumalıdırlar. Ona görə də bu gün bu humanitar fəlakət ilk növbədə o insanların humanitar fəlakətidir".
Avropa İttifaqının siyasətinə gəlincə, prezident İlham Əliyev bildirib ki, zaman Avropa İttifaqının bəyan etdiyi dəyərlərə nə qədər sadiq olduğunu göstərəcək: "İndi hər şey göz qabağındadır. Biz görürük ki, bu insanlara qarşı işgəncələrə yol verilir, onların ləyaqəti alçaldılır. Bu insanlara qarşı geniş bir kampaniya aparılır. Biz bununla barışa bilmərik. Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik".
"Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı onun öz mövqeyi var və biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik" - deyən prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, məhz buna görə də, ölkəmiz dünyada böyük rəğbət və hörmət qazanıb.