Aydın Əliyev: "Gömrük işinin modernləşməsi zəruridir"
"Yeni ticarət tendensiyaları, ticarətin getdikcə artan həcmi, yaranmaqda olan təhlükələr, yeni təcrübələrin tətbiqi gömrük işinin modernləşməsini zəruri edir".
APA TV-nin məlumatına görə, bu açıqlamanı Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının 10-cu ilk Beynəlxalq PICARD X Konfransı çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Aydın Əliyev qeyd edib ki, müasir gömrük xidməti ticarətin və cəmiyyətin tələblərinə cavab verə bilmək üçün daha səmərəli, effektiv xidmət yönümlü və şəffaf olmalıdır: "İnnovasiyaların tətbiqi gömrük idarələri qarşısında duran bir çağırışdır. Bu, əməkdaşlıq şəraitində iş mühiti, yaradıcılıq səyləri və biliklərə əsaslanan idarəetmə tələb edir. Sadəcə, yenilik etmək deyil, səmərəli və keyfiyyətli yenilik etmək lazımdır".
Beynəlxalq ticarətin ötən illər ərzində böyük artımının bütün dünyada gömrük orqanları qarşısında yeni çağırışlara yol açdığını deyən Aydın Əliyevin sözlərinə görə, qlobal tədqiqatlar cəmiyyətində informasiya və qabaqcıl təcrübələrin vaxtında mübadiləsinin hazırda necə mühüm olduğu şübhəsizdir.
Konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edir.
PICARD X konfransının açılış mərasimində Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, ÜGT-nin baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Don Hyunq Linin iştirak edib.
Sonra konfrans "Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və “Qlobal Dəyər Zəncirləri" adlı sessiyalarla işini davam etdirəcək, bu bölmələr üzrə məruzələr dinlənilib.
Sentyabrın 11-də isə Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin rəsmi açılış mərasimi gerçəkləşəcək.