Prezident İlham Əliyev: "Azərbaycanda "Maydan hərəkatı" yaratmaq istəyirdilər, gəncləri bədbəxt etdilər"
"Dünyada gedən bütün bu mənfi mənzərə fonunda Azərbaycan iqtisadiyyatı inkişaf edir, sabitlik möhkəmlənir, beynəlxalq mövqelərimiz daha da güclənir. Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır".
APA TV-nin məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.
Prezident əminliklə vurğulayıb ki, Azərbaycan beynəlxalq birliyin dəyərli və böyük hörmətə malik üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir, xalq ölkə siyasətini dəstəkləyir. Hətta böhranlı illərdə də iqtisadiyyatımız uğurla inkişaf edir.
Prezident İlham Əliyev bildirib ki, Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı: “2011-ci ildə və 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaşanmasından söhbət açırdı. Deyirdilər ki, bu qaçılmazdır. Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üzərini açıb. Azərbaycanda "Maydan hərəkatı" yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli “Beşinci kolon” vasitəsilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər”.
Dövlət başçısı qeyd edib ki, 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha ciddi forma alıb: “Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən bunu açıq deyirəm və başqa cür də qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi. Çünki Azərbaycan bu gün dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq? Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qurmuşuq. Kimə mane oluruq? Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə marionetka görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər. Ancaq iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox! Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə “yox” dedi. Azərbaycan xalqı Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalqla iqtidar arasında birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər, biz heç kimin qabağında gözü kölgəli deyilik, öz sözümüzü deyirik, deyəcəyik, Azərbaycanın müstəqil həyatını təmin edəcəyik. Məhz bu siyasətin nəticəsində ölkəmizi böyük bəlalardan qoruya bilirik”.
Dövlət başçısı bildirib ki, Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir: “Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə uzanan çirkli əlləri kəsmişik. Bundan sonra da ölkəmizi qoruyacağıq, inamlı inkişafımızı təmin edəcəyik”.