Toyda yaralanan qadın: "Ermənilər ailəmizin dörd üzvünü güllələyib"
Qoşunların təmas xəttinin Tərtər istiqamətində ermənilərin açdığı atəş nəticəsində yaralanan Müşkünaz Əliyevanın səhhəti normallaşır. Bərdə Müalicə-Diaqnostika Mərkəzində əməliyyat olunan 53 yaşlı qadın hələ də həkim nəzarətindədir.
Müşkünaz xanım yaşadığı o dəhşətli anları belə xatırlayır: "Güllə mənə dəyəndə əvvəl bilmədim güllədir. Amma gördüm bu tərəfim partlayır. Qızın da başı buramda idi. Çönüb baxdım ki, bacımın qolundan qan axır. Bildim ki, güllədir, erməni atıb. Gözüm yumulanadək gözüm Zəhranı axtardı ki, görüm Zəhra ölməyib ki".
Neçə illərdir bu əzab-əziyyəti yaşadıqlarını deyən Müşkünaz Əliyeva deyir ki, 6 nəfərlik ailə üzvlərindən bu günədək dördünə güllə dəyib: "Hər bir güllədə mən ölüb dirilmişəm. Oğlumda da, yoldaşımda da, indi də. Mən bir dəfə yaralanmamışam, dörd dəfə yaralanmışam. Onların yarası mənimdir həmişə. Bir ailənin dörd üzvünü vurublar".
Müşkünaz Əliyevanın üç övladı, altı qız nəvəsi var. Evi erməni mövqelərindən açıq-aydın müşahidə olunduğu üçün Azərbaycan hökuməti onun həyətində 75 metr uzunluğu, 4 metr hündürlüyü, 40 santimetr eni olan istinad divarı çəkib.
Ailənin sevimlisi olan balaca Zəhraya gəlincə, yarası artıq sağalıb. Zəhranın yaşadığı kənd hər gün atəşə məruz qalır. Bütün bunlara rəğmən, kənd sakinləri bir an belə evlərini tərk etmir.
Qeyd edək ki, sentyabrın 1-də erməni silahlı bölmələrinin Tərtərin Qapanlı kəndində toy mağarını atəşə tutması nəticəsində 53 yaşlı kənd sakini Müşkünaz Əliyevanın sol qoluna dəyən güllə sonra bacısı 47 yaşlı Mədinə Əhmədovanı qarın nahiyəsindən yaralayıb. Həmin vaxt Mədinə Əhmədovanın qucağında əyləşən nəvəsi Zəhra Əhmədova boyun nahiyəsindən yaralanıb.