Azərbaycan prezidenti: "İstisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir "
"Yəqin ki, mütəxəssislər, təhlilçilər bunun səbəbini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik".
APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, ötən müddət ərzində neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində gəlirlərimiz azalıb: "Bu günə qədər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq. Baxmayaraq ki, təbii olaraq gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Neftin qiyməti 2 dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir, insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir. Biz xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir, gələn ay biz 9 ayın yekunları ilə bağlı hökumətin iclasında bunu müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, ilin sonuna qədər çox yüksək nəticələrlə ili başa vuracağıq”.
Dövlət başçısı bildirib ki, bu ilin ötən dövrü ərzində Ümumi Daxili Məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı isə 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir, kənd təsərrüfatı məhsullarının istehsalı 7,3 faiz, qeyri-neft sənayesi 14 faiz artıb: “Bu, böhranlı illərdə əldə edilən nailiyyətdir. Dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Çünki ilk növbədə bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, bu, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlarla bağlıdır. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir”.
Prezident xatırladıb ki, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib: “Azərbaycanın 3B səviyyəsində reytinqi var və bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir. Bu, mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdi. Halbuki çox böyük hadisədir. İndi başqa ölkələrin də kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nə üçün? Əvvəllər bədxahlar, paxıllar bizim uğurlarımızı neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasilatı var, ona görə də inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür, neftin də qiyməti iki dəfədən çox düşüb, amma biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Anti-Azərbaycan, islamofob qüvvələr, müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Avropa Oyunları ərəfəsində, Avropa Oyunları zamanı və indi, bu gün də bizə qarşı çirkin kampaniya davam edir. Nə üçün? Çünki biz ölkəmizi qoruyuruq, imkan vermirik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar. İmkan verməyəcəyik də! Bugünkü iqtisadi və siyasi mənzərə bundan ibarətdir”.
Prezident onu da əlavə edib ki, ilin sonuna qədər bütün lazımi tədbirlər görüləcək ki, iqtisadi inkişaf davam etsin. Gələn il hökumət daha fəal, çevik işləməlidir ki, gələn il də iqtisadiyyat artsın.
Dövlət başçısı bildirib ki, hökumətin bir neçə gün əvvəl keçirilən iclasında gələn ilin büdcə layihəsi müzakirə edilib: “Artıq bununla bağlı mənə məruzə edildi. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək. İndi bütün ölkələr bu siyasəti aparır, biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək. Məhz ona görə bəzi hallarda o qədər də prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, daha da sürətli inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi.
Bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Lakin burada köklü şəkildə dönüş yaranıb. Sosial-infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaranıb. İnfrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti qeyd olunmalıdır. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Ən əsas məsələlər büdcədə həllini tapacaq, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, bu sahədə heç bir ixtisar ola bilməz".
Dövlət başçısı onu da bildirib ki, sosial infrastruktur layihələri icra ediləcək. Məktəb, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda sosial siyasətlə bağlı institusional islahatlar davamlı şəkildə həyata keçiriləcək.
Azərbaycan prezidenti vurğulayıb ki, hökumət yeni situasiyada işləyəcək: "Neft gəlirləri azalır. Ona görə də daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir şübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq, valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi bəzi vaxtilə alınmış əmlakların qiyməti düşdüyünə görə, xüsusilə avro-dollar məzənnələrinin arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb, ancaq reallığa baxanda görərik ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.
Bax, bu səpkidə bütün işləri görürük. Bir də demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. 2016-cı ildə də biz uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, ilin sonuna qədər, xüsusilə gələn ilin xərcləri ilə, investisiya proqramları ilə, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımlı olmayan xərclərə yol verməyən bir büdcə olmalıdır".