Bakı sakinindən şantaj yolu ilə pul tələb etdilər
Daxili işlər orqanlarının əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində uğurlu əməliyyat-axtarış fəaliyyətlərini davam etdirirlər.
APA TV-nin xəbərinə görə, cari il avqust ayının 31-də Biləcəri qəsəbəsinin ərazisində bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döyüb və onu zorla “Nissan” markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıb.
Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək, internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər.
Bununla bağlı daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini Elman Əhmədov, Salyan şəhər sakini Fuad Şükürov və qardaşı Elnur, həmçinin paytaxt sakini Adil Lətifov tutulublar.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.