Qadına qarşı quldurluq edənlər ələ keçdi
Paytaxtın Xəzər rayonunda quldurluq cinayəti törətmiş 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.
APA TV-nin xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini İlham Abbasov, Abşeron rayon sakini Əli Quliyev və Lənkəran rayon sakini Teyyub Teymurov tutulublar.
Aparılan istintaq zamanı müəyyən edilib ki, qabaqcadan əlbir olan dəstə üzvləri özgənin əmlakını ələ keçirmək məqsədilə başlarına maska keçirərək, Mərdəkan qəsəbəsində yaşayan vətəndaş Nelli Seyfullayevanın evinə daxil olaraq ev sahibinin əl-ayağını, həmçinin ağzını yapışqanlı lentlə bağlayaraq ondan pul tələb ediblər. Nəticədə quldurlar zərərçəkənin min manat pulunu və bir ədəd mobil telefonunu ələ keçirərək hadisə yerindən qaçıblar.
Araşdırma zamanı o da məlum ki, dəstə üzvlərindən iki nəfər - İlham Abbasov və Teyyub Teymurov bir müddət əvvəl həmin mənzildə fəhlə kimi işləyiblər və bu səbəbdən evdə pul olması barədə onlar məlumatlı olublar.
Faktla bağlı Xəzər rayon polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.