Prezident: "Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır"

"Azərbaycanda artıq səhiyyə sahəsində ən yüksək səviyyədə  işlər görülür".  Bunu Azərbaycan prezidenti İlham Əliyev Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılış mərasimində universitetin müəllim-tələbə kollektivi ilə görüşündə deyib.

 

Prezident qeyd edib ki, bu Klinikanın yaradılmasında məqsəd elm ocağında tədris prosesini daha yüksək səviyyəyə qaldırmaq və  bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaqdır.

 

Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov dövlət başçısına klinika barədə məlumat verərək bildirib ki, ümumi ərazisi 45 min kvadratmetr olan klinikanın binası orijinal memarlıq üslubunda inşa edilib. On üç mərtəbəli binanın həyətində geniş abadlıq işləri görülüb. Bununla yanaşı klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaq.

 

Ölkə başçısı tibbi xidmətin səviyyəsinin artırılmalı olduğunu, təcrübəli professor-müəllim heyətinin biliklərinin gənc nəsil tərəfindən mənimsənilməsinin vacibliyini qeyd edib. Prezident eyni zamanda gənc mütəxəssislərin dünyada səhiyyə sahəsindəki yeniliklərlə mütəmadi tanış olmasının zəruriliyini vurğulayıb.

Müəllif | Apa.Tv